Oktyabrın 11-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə gənclərlə görüş keçirilib. Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, DQİDK-nın şöbə müdiri Amil Cavadov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev və gənclər iştirak ediblər.
Görüş çərçivəsində gənclərə DQİDK-nın tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov ölkəmizdə həyata keçirilən uğurlu dövlət-din və gənclər siyasəti, Dövlət Komitəsinin fəaliyyət istiqamətləri və gənclərin maarifləndirilməsi yönündə həyata keçirilən tədbirlərin önəminə toxunub. Bildirib ki, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsinə, dinlərarası dialoqun inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına, gənc nəslin nümayəndələrinin sağlam ruhda tərbiyəsinə xüsusi diqqət göstərilir. Şöbə müdiri 2 il öncə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə diqqət və qayğısının bariz nümunəsi kimi qeyd edib.
Təmsil etdiyi qurum tərəfindən dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini fanatizmə, radikalizmə qarşı effektiv mübarizənin aparılması, ölkəmizdə tarixən mövcud olan multikultural mühitin, birgəyaşayış ənənələrinin, vəhdətin qorunması və təşviqi istiqamətində maarifləndirmə işinin aparılması və təşkilinə xüsusi önəm verildiyini vurğulayan Amil Cavadov bu sahədə YAP Gənclər Birliyi ilə həyata keçirilən tədbirlərin əhəmiyyətinə də toxunub.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa edib. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçib və müdrik siyasəti ilə əsrlərboyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırıb. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Seymur Orucov əlavə edib ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi də hər zaman milli-mənəvi dəyərlərin təbliğinə öz töhfəsini verməyə çalışır. Müxtəlif bölgələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gənclərlə görüşlər keçirilir, müzakirələr aparılır. Bu tədbirlərin özəyində həm gənclərimizin düzgün tərbiyələnməsi, maariflənməsi dayanır, həm də Azərbaycanda mövcud olan multikultural dəyərlərin, tolerantlığın təbliğ edilməsi durur.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev isə qeyd edib ki, Fond maarifləndirmə işinin aparılması, milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində, habelə bu sahədə sosial layihələrin reallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Həmin tədbirlər çərçivəsində Fondun sifarişi ilə kütləvi informasiya vasitələri və sosial medianın imkanlarından istifadə edərək mənəvi dəyərlərin təbliği işini reallaşdırmaq məqsədilə sənədli filmlər, həmçinin kiçik həcmli video-çarxlar çəkilir. Milli-mənəvi dəyərlərimizi özündə ehtiva edən filmlər və sosial video-çarxlar bu ali dəyərlərdən formalaşan adət-ənənələri, xalqımızın xeyriyyəçilik, ailə dəyərlərini əks etdirir, eyni zamanda, gənclərin vətənpərvərlik və həmrəylik ruhunda tərbiyə edilməsinə xidmət edir.
Görüş müzakirələrlə yekunlaşıb.