"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Qubada “Milli-mənəvi dəyərlər və müasir gənclik” mövzusu müzakirə olunub

Oktyabrın 8-də Quba  rayonu II Nügədi kəndində Mənəvi Dəyərlərin Təbliği Fondunun  dəstəyi və Quba rayonu II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər və müasir gənclik” adlı layihəsi çərçivəsində maarifləndirmə  tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) əməkdaşı Aqşin Əliyev, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba Rayon Ağsaqqallar Şurasının üzvi Teymur Fətəliyev, Quba rayonu II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov, həmin kəndin “Hacı Seyid Siracəddin” məscidi dinin icmasının sədri Vəlibəy Salızadə, kənd ictimaiyyəti, o cümlədən dindarlar, ziyalılar və gənclər  iştirak edib.
Çıxışlar zamanı qeyd edilib ki, bir milləti millət edən və ayaqda saxlayan milli-mənəvi dəyərlərdir. Müasir gənclik mütləq milli-mənəvi dəyərlərimizi bilməli və həyatını buna uyğun qurmalıdır. Keçmişdən bizə gəlib çatmış yüksək milli-mənəvi dəyərlərin qorunması müasir dövrün aktual məsələlərindəndir. Məhz buna görə də xüsusilə gənclərlə bu sahədə maarifləndirmə işinin aparılması diqqətdə saxlanmalıdır. Milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində dini icmaların rolundan danışan natiqlər bildirib ki, bu sahədə dövlət tərəfindən dini icmalara yardım edilir və təşkilati dəstək göstərilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və iştirakçıların mövzu üzrə fikirləri dinlənilib.

calendar 9-10-2019, 11:10 eye 1 266 eye Paylaş