Oktyabrın 3-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Astara rayonu Sığaloni kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Gənclər arasında milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində rayonun Siyəkü kəndində maarifləndirici tədbir keçirilib.
“Gənclər dini radikalizmə qarşıdır” mövzusunda baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Anar Məcidzadə, Siyəkü kənd məscidi dini icmasının sədri Səttar Həbibov, Sığaloni kənd məscidi dini icmasının sədri Bahadur Mahmudov, kənd ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib.
Çıxışlar zamanı radikalizm və ekstremizmin yaranmasının müxtəlif obyektiv və subyektiv səbəbləri, dini radikalizmə qarşı aparılan mübarizə tədbirləri haqqında danışılıb. Vurğulanıb ki, dinlərarası münasibətlərin gərginləşdirilməsi, dini zəmində ədavət və düşmənçiliyin qızışdırılması bu səbəblərdəndir. Natiqlər, milli və dini dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının aktuallığından bəhs edərək qeyd ediblər ki, gənclərimiz bu dəyərlər əsasında tərbiyə edilməlidir.