"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Beyləqanda Fondun təşkilatçılığı ilə "Müasir cəmiyyətdə gənclər və mənəviyyat" mövzusunda tədbir keçirilib

Oktyabrın 4-də Beyləqan rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə Fondun şöbə müdiri Hatəm Gülməmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Beyləqan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramiz Əliyev, görkəmli aktyor və kinorejissor Elçin Cahangirli, müəllimlər, məktəblilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Beyləqan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramiz Əliyev bildirib ki, mənəviyyat böhranının dərinləşdiyi bir dövrdə bu mövzuda maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsi və gənclərimizin tanınmış ziyalılarla görüşərək onlardan yeni biliklər əldə etməsi çox əhəmiyyətlidir.
Fondun şöbə müdiri Hatəm Gülməmmədov qeyd edib ki, iyirmi faiz torpağımızın işğal altında olduğu bir dövrdə gənclərimizin qəlbində vətənpərvərlik hissi hər şeydən üstün olmalıdır. Vətənpərvərlik dedikdə yalnız döyüşə hazır olmaq başa düşülməməlidir. Vətənpərvərlik həm də bilikli, savadlı olmaq, xarici dil biliklərinə yiyələnmək, tariximizi dərindən öyrənmək və ölkəmizi, Azərbaycan həqiqətlərini bütün dünyada təbliğ etməkdir.
Bədii hissə ilə davam edən tədbirdə görkəmli aktyor və kinorejissor Elçin Cahangirli bir neçə şeir səsləndirib. E.Cahangirli valideyni, müəllimi, Vətəni sevmək, insanpərvərlik, xeyirxahlıq, dürüstlük və s. kimi mənəvi dəyərlərin qorunması və gənclər arasında təbliğinin vacibliyini vurğulayıb.
Seminar-müşavirənin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

calendar 4-10-2019, 13:58 eye 807 eye Paylaş