Sentyabrın 27-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Mingəçevir şəhər “Zəhra” məscidi dini icması tərəfindən həyata keçirilən “Azərbaycançılıq və milli-mənəvi dəyərlər” adlı layihə çərçivəsində “Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək”mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, DQİDK-nın Dini qurumlarla iş şöbəsinin əməkdaşı Samir Yoldaşov, Mingəçevir şəhər Gənclər evinin direktoru Tural Kərimov, Mingəçevir şəhər “Zəhra” məscidi dini icmasının sədri Samit Lətifov, Mingəçevir şəhər “Heydər” məscidinin imam müavini Müşfiq Nəcəfov, ziyalılar, gənclər və din xadimləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbə müdiri Natiq Əfəndiyev çıxış edərək qeyd edib ki, indiki halda gənclər milli-mənəvi dəyərləri müxtəlif layihələr həyata keçirməklə, müzakirə və seminarlar etməklə qoruya bilərlər. Ailə dəyərləri Azərbaycan xalqının tarixən formalaşmış ən müqəddəs dəyərlərindən biridir. Gənclərimiz də həmişə bu dəyərlərdən bəhrələnmişlər. Ailə tərbiyəsi. ailədə verilən əxlaqi sifətlər, öyüd-nəsihət, düzlük-doğruçuluq, dostluq və yoldaşlıq kimi fikirlər və digər əxlaqi keyfiyyətlər bu gün də müqəddəsdir.
DQİDK-nın Dini qurumlarla iş şöbəsinin əməkdaşı Samir Yoldaşov bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bundan sonra da bu istiqamətdə fəaliyyət davam etdiriləcək. Prezident İlham Əliyevin imzaladığı Fərmanla təsis edilən Mənəvi Dəyərlərin Təbliği Fondu barədə də ətraflı məlumat verən Samir Yoldaşov Fondun respublikamızdakı dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, eyni zamanda bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradıldığını diqqətə çatdırıb.
Daha sonra çıxış edən Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Mingəçevir şəhər “Gənclər evinin” direktoru Tural Kərimov, Mingəçevir şəhər “Heydər” məscidinin imam müavini Müşfiq Nəcəfov, Mingəçevir şəhər “Zəhra” məscidinin dini icmasının sədri Samit Lətifov və digər qonaqlar milli-mənəvi dəyərlərimizin öyrənilməsi və təbliği istiqamətində aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə danışıb. Qeyd edilib ki, zaman-zaman xalqımızın yaratmış olduğu dəyərlər sistemi cəmiyyətimizin azadlıqsevərlik, vətənpərvərlik, müasirliyə açıq, ayrı-ayrı mədəniyyətlərlə birgəyaşayış ənənəsi kimi yüksək əxlaqi keyfiyyətlərində özünü daha aydın göstərir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.