"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Bərdədə "Azərbaycan ailəsi" mövzusunda konfrans keçirilib

Sentyabrın 27-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bərdə rayonunda “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib. Tədbirdə Fondun baş məsləhətçisi Emin Mehtiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, “Loqos” Psixoloji Nitq və İnkişaf Mərkəzinin Gəncə filialının psixoloqu Taciyə Mehdisoy, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev tədbir haqqında məlumat verərək milli-əxlaqi keyfiyyətlərin qorunaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətimizdə mövcud ailə institutunu, böyük-kiçik, ağsaqqal-ağbirçək dəyərlərinin yaşadılması və yeni keyfiyyətlərlə zənginləşdirilməsinin vacibliyindən bəhs edib.
Fondun baş məsləhətçisi Emin Mehtiyev bildirib ki, hər bir xalqın özünəməxsus ənənələri və dəyərləri vardır. Ailə institutu cəmiyyətimizdə əvəzolunmaz dəyərdir, müqəddəsdir, milli-mənəvi dəyərlərimizin əsas sütunlarındandır. Ailə institutunun cəmiyyətimizin, dövlətimizin inkişafında böyük rolu var. Çünki şəxsiyyətlər məhz ailədə formalaşır. Humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərdlik, xeyriyyəçilik ailədə formalaşan ən yüksək keyfiyyətlərdir. Bu baxımdan ailənin rolu əvəzsizdir.
“Loqos” Psixoloji Nitq və İnkişaf Mərkəzinin Gəncə filialının psixoloqu Taciyə Mehdisoy qeyd edib ki, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşmasında sosial mühit böyük rol oynayır. Lakin bu prosesdə aparıcı rol ailəyə məxsusdur. Müasir dünyanın qlobal problemlərindən biri sosial-mənəvi mühitin saflığının qorunmasıdır. Bu baxımdan, ailə istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irs, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır.
Daha sonra iştirakçılarla mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

calendar 27-09-2019, 15:04 eye 1 071 eye Paylaş