Sentyabrın 18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun mailiyyə dəstəyi və Zaqatala şəhər məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında “Qloballaşma və inteqrasiya dövründə mənəvi dəyərlərimizin qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin böyük məsləhətçisi Azad Nəhmədov , Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, şöbənin məsləhətçisi Vüqar Məmmədov, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının İqtisadiyyat fakültəsinin dekanı Həqiqət Qədimova, Zaqatala şəhər məscidi dini icmasının sədri Rəşad İbrahimov və universitet tələbələri iştirak edib.
Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din siyasətinin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirildiyi qeyd edilib. Dünyada baş verən qloballaşma və mədəniyyətlərin bir-birinə inteqrasiya edilməsi zamanı mənəvi dəyərlərdən kənarlaşmanın və cəmiyyətin parçalanmasının qarşısının alınması qədim dövrlərdən, tarixin süzgəcindən keçərək müasir dövrümüzə gəlib çatmış zəngin mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması və yaşadılmasıdır. Bu amal uğrunda yaşamaq vətənini və dövlətini sevən hər bir şəxsin üzərinə düşən müqəddəs vətəndaşlıq borcu olduğu bildirilib. Azərbaycanda demokratik dəyərlərə, dövlət siyasətinə və gündəlik həyat tərzinə çevrilmiş etnik-dini tolerantlıq və mültikultural dəyərlər ölkəmizi yeni inkişaf mərhələsinə aparan amil olduğu vurğulanıb. Qeyd edilib ki, qeyri-ənənəvi dini cərəyanları, zərərli təriqətləri, dini xurafat və mövhumatı, dini fanatizmi və radikalizmi yaymağa cəhd edən ayrı-ayrı qruplar gənclərimizi milli-mənəvi dəyərlərdən, adət ənənələrdən uzaq düşməsinə sövq etməyə və təsir altına salmağa çalışırlar. Bu qruplara qarşı ən effektiv mübarizə üsulu milli-dəyərlərə bağlılıq və onların yaşadılması olduğu vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.