Sentyabrın 12-də Qusar rayonu Avaran kəndində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Qusar rayonu “Mustafa Kazdal” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər, yaşadaq və gələcək nəsilə ötürək” adlı layihə üzrə növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Qusar Rayon İcra Hakimiyyəti başçısının Avaran kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Rasim Şeydabeyov, Qusar rayonu “Mustafa Kazdal” məscidi dini icmasının sədri Fəryaddin Rəhimxanov, kənd ictimaiyyəti – o cümlədən ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak edib.
Çıxışlar zamanı qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılması günümüz üçün aktual olan mövzulardandır. Milli-mənəvi dəyərlərin təbliğində dinin rolundan bəhs edən natiqlər xüsusilə dini icmaların bu işdə aktivliyinin əhəmiyyətli olduğunu bildirib. Qeyd olunub ki, müasir gənclik mütləq milli-mənəvi dəyərlərimizi tanımalı və həyatını buna uyğun qurmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və iştirakçıların mövzu üzrə fikirləri dinlənilib.