Sentyabrın 12-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Kürdəmir rayonu Qarasu kənd məscidi dini icması “Milli-mənəvi dəyərlərimiz mövcudluğumuz, tariximiz, kimliyimiz” adlı layihə çərçivəsində “Milli – mənəvi dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Qarasu kənd məscidi dini icmasının sədri Babakişi Nurməmmədov, Kürdəmir raon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev, ziyalılar və təhsil işçiləri iştirak edib.
Çıxışlar zamanı xalqımızın müstəqilliyini bərpa etməsindən sonra qədim tariximizi və mədəniyyətimizi daha dərindən tədqiq etmək, öyrənmək və dünyaya tanıtmaq üçün geniş imkanlar əldə etdiyi vurğulanıb. Eyni zamanda Ümummilli lider Heydər Əliyev tərəfindən mənəvi dəyərlərimizin təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirildiyi qeyd olunub.
Günümüzdə milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərdən təcrid vəziyyətdə təsəvvür etməyin çətin olduğunu diqqətə çatdıran natiqlər gənclərimizin milli-mənəvi dəyərlərinə, tarixinə və kimliyinə bağlılıq ruhunda tərbiyə alaraq Azərbaycanın inkişafına öz töhfələrini verməli olduqlarını vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.