Sentyabrın 6-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Sabirabad rayonu Qaratəpə kənd məscidi dini icmasının təşkilatçılığı ilə Sabirabad rayonu Qaratəpə məscidində “Nəsimi yaradıcılğında İslami dəyərlərin yeri” layihəsi çərçivəsində “Nəsimi yaradıcılığı milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, Sabirabad rayonu Qaratəpə kənd məscidi dini icmasının sədri Cahangir Məhəmmədiyev dini icma üzvləri, dindarlar, ziyalılar və gənclər iştirak edib.
Çıxışlar zamanı qeyd edilib ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri olduqca böyükdür. Cənab Prezident İlham Əliyev tərəfindən “Nəsimi ili”nin elan edilməsi bütövlükdə Azərbaycan mədəniyyətinin, onun əsas elementləri olan dilimizin, ədəbiyyatımızın və mənəviyyatımızın əbədiləşdirilməsinə xidmətin bariz nümunəsidir. Azərbaycan xalqının mədəniyyəti tariximizin müxtəlif mərhələlərindən keçib. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur və bu dəyərlərin qorunması məsələsi çox vacibdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran sullar cavablandırılıb.