Noyabrın 14-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İsmayıllı rayonunda “Mənəvi dəyərlərimiz Azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, ziyalılar, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminar-müşavirəni giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev dövlətçilik ənənnəsinin güclənməsində Azərbaycançılıq ideologiyasının vacib rol oynadığını diqqətə çatdırdı. R.Ağayev mənəvi dəyərlərin gənclərə aşılanmasının vacibliyini də qeyd etdi.
Müşavirədə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev Fondun yaradılması və həyata keçirdiyi işlər haqqında danışdı. Mənəvi dəyərlərimizin Azərbaycançılığın tərkib hissəsi olduğunu bildirən C.Əliyev Ulu Öndər Heydər Əliyevin bununla bağlı fikirlərini də iştirakçılarla bölüşdü. İcraçı direktor müavini gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinin əhəmiyyətini vurğuladı.
Azərbaycançılığın böyük dəyər olduğunu qeyd edən Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov mənəviyyatın dəyərlər sisteminin mərkəzində dayandığını diqqətə çatdırdı.
Seminar-müşavirədə İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Rəşid Məmmədov, İşmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov məruzə ilə çıxış etdilər.
Tədbirin yekununda müəllimlər və tələbələrlə fikir mübadiləsi aparıldı.