Sentyabrın 5-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizi qoruyaq, yaşadaq və gələcək nəsilə ötürək” adlı layihə çərçivəsində Qusar şəhəri Gənclər evində maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Qusar Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev, Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının sədri Fəryaddin Rəhimxanov, Qusar rayon ictimaiyyətinin nümayəndələri, o cümlədən, dindarlar, ağsaqqallar, gənclər iştirak edib.
Natiqlər ölkəmizdə müxtəlif dinlər, məzhəblər və xalqlar arasında həmrəylik və vəhdətin mövcudluğunu, tolerantlığın milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Xalqımızın ruhunda olan yüksək milli-mənəvi dəyərlərin yaşadaraq gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini qeyd edən məruzəçilər bu kimi maarifləndirici tədbirlərin gəncləri yad təsirlərdən qorumaq baxımından da vacib olduğunu bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.