Sentyabrın 5-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Neftçala rayonunda “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Fondun şöbə müdiri Hatəm Gülməmmədov, Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, AMEA-nın Fəlsəfə İnstitutunda Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov, Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, ziyalılar, gənclər, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Seminarı giriş sözü ilə açan Neftçala RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev qonaqları salamlayaraq müasir dövrümüzdə gənclərin mənəvi inkişafının vacibliyinə toxunub. Bildirib ki, bugünkü gənclik elmə, təhsilə yiyələnməli, eyni zamanda özlərini mənəvi-əxlaqi cəhətdən inkişaf etdirməlidir.
Seminarda çıxış edən Fondun şöbə müdiri Hatəm Gülməmmədov qeyd edib ki, gənclərimiz ölkəmizin beynəlxalq aləmdə tanıdılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün potensial qüvvədir. Buna görə də gənclər tariximizi, mədəniyyətimizi yaxşı bilməli, xarici dil biliklərinə yiyələnməli və vətənpərvər ruhda tərbiyə olunmalıdır.
AMEA-nın Fəlsəfə İnstitutunda Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov vurğulayıb ki, mənəviyyat insanda olan ən dəyərli keyfiyyətlərin cəmidir. İnsanın münasibətlərində, davranışlarında nəticə olaraq onun mənəviyyatı təzahür edir. Professor S.Hüseynov qeyd edib ki, gənc nəslin mənəvi tərbiyəsində önəmli rol oynayan təhsil faktoru, eyni zamanda, milli-mənəvi dəyərlərin təbliğində də önəmli rola malikdir. Müasir gənclik milli-mənəvi dəyərlərə özünün təhsili qədər önəm verməli, bu dəyərlərin təbliğatçısı rolunda çıxış etmək hazırlığına malik olmalıdır.
Seminar-müşavirənin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.