Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Bir uşaq – bir ümid” layihəsi çərçivəsində Avqustun 29-da Fondun nümayəndələri Bakı şəhərində yerləşən 3 saylı Uşaq evini ziyarət edib. Uşaq evinin balaca sakinləri ilə görüşən Fondun nümayəndələri onlara məktəbli çantası, məktəb ləvazimatları və digər müxtəlif hədiyyələr təqdim edib.
Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev uşaq evinin balaca sakinlərini salamlayıb, məktəbli uşaqları yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib.
Məlumat üçün bildirək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Bir uşaq-bir ümid” layihəsi çərçivəsində ölkədə yerləşən uşaq evlərinin ziyarət edilməsi və uşaqlara müxtəlif hədiyyələrin təqdim edilməsi nəzərdə tutulur.