Avqustun 27-də Balakən rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib. Tədbirdə Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Balakən Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, ekspert qismində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov, eləcə də ziyalılar, müəllimlər, gənclər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Balakən RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov mövzunun aktuallığına toxunaraq bildirib ki, gənclərimiz minilliklər boyu formalaşan milli-mənəvi dəyərlərimizi unutmamaqla yanaşı, ona sahib çıxmalı, geniş təbliğ etməlidir. Qloballaşma dövründə hər bir cəmiyyətin öz mənəvi dəyərlərinə, milli kimliyinə sadiq qalması həmin millətin gələcək inkişafında mühüm rol oynayır.
Daha sonra fondun icraçı direktorunun müavini Rəfi Qurbanov “Qloballaşma kontekstində milli kimlik” mövzusunda təqdimatla çıxış edib. Çıxışı zamanı qloballaşan dünyada milli mədəniyyəti qorumaq, onun gələcək nəsillərə ötürülməsi üçün gənclər arasında immunitetin gücləndirilməsi məsələsini diqqətə çatdırıb. Milli kimliyin formalaşmasında dil, din, mədəniyyət, coğrafi mənsubluq, ailə institutları və s. kimi faktorların mühüm rol oynadığını bildirən Rəfi Qurbanov qeyd edib ki, milli kimliyimizin sütunlarını mədəni müxtəlifliyə hörmət, dünyəvilik, vəhdət və loyallıq təşkil edir.
AMEA-nın aparıcı elmi işçisi Zeynəddin Şabanov diqqətə çatdırıb ki, kimliyin formalaşmasında dəyərlər mühüm rol oynayır. Qloballaşmanın gətirdiyi mənfi təzahürlərə diqqət çəkən Zeynəddin Şabanov qeyd edib ki, bu gün dəyərlərimizin aşınması problemləri ilə üzləşirik. Qloballaşma nəticəsində üzləşdiyimiz mənfi təzahürlərin dəf edilməsində əsas müdafiə səddi kimi tarixən formalaşmış ailə və mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsidir. Bu missiyanın bizim üçün vəzifə olduğunu deyən Z.Şabanov bildirib ki, bu istiqamətdə gənclərin üzərinə böyük məsuliyyət düşür.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev diqqətə çatdırıb ki, müasirliyə, qloballaşmaya gedən yol təkcə texnoloji inkişafın yaratdığı məhsullardan deyil, həm də fərdi mənəviyyat prizmasından keçməlidir. Məhz bu baxımdan qloballaşma prosesi bizim qarşımızda bir tərəfdən milli köklərə, milli-mənəvi dəyərlərə qayıdış, digər tərəfdən də elmi-texniki inkişaf və informasiya cəmiyyətinin qoyduğu çağdaş tələblərə uyğunlaşmaq vəzifəsini qoyur.
Sonda mövzu ətrafında iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Avqustun 28-də Qax rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov, Qax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsləhətçisi-psixoloq Fərid Muradov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, ekspert qismində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qax RİH başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsləhətçisi-psixoloq Fərid Muradov gəncliyin milli ruhda yetişməsi və dəyərlərə sadiqliyin möhkəmlənməsində psixoloji faktorların mühüm rola malik olduğunu vurğulayıb.
Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov dünya əhalisinin say tərkibi ilə bağlı bir neçə fakta toxunaraq bildirib ki, bu gün inkişaf etmiş ölkələrdə yaşlıların sayı gənclərin sayından çoxdur. Bu prosesin nəticəsində demoqrafik böhran getdikcə dərinləşir və nəticədə cəmiyyətin bütün sahələrinə, xüsusilə milli kimlik və mənəviyyat sisteminə öz mənfi təsirini göstərir. Eyni zamanda Rəfi Qurbanov diqqətə çatdırıb ki, ölkəmizdə gənc əhalinin artması onların milli dəyərələrə sahib çıxan gənclik kimi formalaşdırılması istiqamətində görüləcək işlərin labüdlüyünü aktuallaşdırır. Elə məhz bu səbəbdən Mənəvi Dəyərlərin Təbliği Fondunun əsas fəaliyyət istiqamətlərindən biri gənclərlə iş, onların dəyərlərimizin təbliğatçısı və təminatçısı kimi tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrdir.
Daha sonra çıxış edən ekspert Z.Şabanov bildirib ki, gənclərin mənəviyyat üzərində formalaşan şəxsiyyəti sağlam sütun üzərində qurulan ailədən asılıdır. Bu nöqteyi-nəzərdən qadınların üzərinə böyük məsuliyyət düşür. Elə məhz ona görə də ilahi kitablarda hər zaman qadınların hüquqlarının tanınması, onların təhsilli olması məsələsi qabarıq şəkildə qeyd olunur.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev bildirib ki, milli-mənəvi dəyərlər mədəniyyətin bir hissəsidir. Hər bir millətin, xalqın əldə etdiyi nailiyyətlər, qazandığı müsbət keyfiyyətlər onun mənəvi dəyərlər sistemini formalaşdırır. Bu gün gənclər həm özlərinin, həm də cəmiyyətin, dövlətin inkişafı üçün yeni-yeni elmi biliklərə yiyələnməli, intellektual səviyyələrini artırmalı, eyni zamanda mənəvi-əxlaqi keyfiyyətlərini də inkişaf etdirməlidir.
Sonda mövzu ətrafında iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.