"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi”nin açılış mərasimi olub

Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün Qusar rayonunda “Yay məktəbi” təşkil edilib. Avqustun 19-da başlayan beş günlük layihəyə Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərdən ibarət 100-ə yaxın könüllü cəlb olunub.
Açılış mərasimindən əvvəl Ümummilli Lider Heydər Əliyevin Qusar rayonunda yerləşən abidəsi ziyarət edilərək Ulu Öndərin xatirəsi ehtiramla anılıb.
 “Yay məktəbi”nin açılış mərasimində Fondun İcraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov çıxış edərək bildirib ki, tədbirin təşkil edilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin inkişafında, maddi-mədəni irsimizin qorunmasında, həmçinin tarixən formalaşmış dəyərlərimizin gələcək nəsillərə ötürülməsində könüllülərin rolunu artırmaqdır. Fondun təşkilatçılığı ilə iyul ayında Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələri üçün İsmayıllı rayonunda beş günlük yay məktəbi təşkil edilib. Yay düşərgəsində Fondun müraciəti əsasında 7 universitetin tələbələri, o cümlədən şəhid ailələrindən olan tələbələr iştirak edib.
Bildirilib ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun əsas missiyası Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.
Yay düşərgəsində iştirak edən könüllülər Qusarda Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq muzeyi, Şəhidlər xiyabanı, Milli Qəhrəman Çingiz Qurbanovun məzarı, “Şahdağ” Turizm Mərkəzi, Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi həmçinin Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbə, Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər. 
“Yay məktəbi” çərçivəsində könüllülər “Mənəvi dəyərlərin təbliği və könüllülük fəaliyyəti” mövzusunda məruzə dinləyəcək, intellektual, milli oyunların iştirakçısı olacaqlar.
“Yay məktəbi”nə avqustun 23-də yekun vurulacaq.

calendar 19-08-2019, 15:31 eye 774 eye Paylaş