"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Qubada “Ziyalılarımızdan öyrənək” mövzusunda layihəyə start verilib.

Avqustun 15-də Mənəvi Dəyərlərin Təbliği Fondunun və “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin təşkilatçılığı, eləcə də Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba rayonunda “Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində “Tariximizin izi ilə” adlı ilk seminar keçirilib. Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, dosent Əkrəm Bağırov, AMEA-nın Tarix institutunun aparıcı elmi işçisi, dosent Nigar Gözəlova, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Amal Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov,ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib. 
Tədbiri giriş sözü ilə açan Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, bu kimi layihələr milli-mənəvi dəyərlərimizin təbliğinə böyük töhfə verir.
Tədbirdə çıxış edən Fondun icraçı direktoru Mehman İsmayılov qeyd edib ki, zəngin tarixi irsə malik Azərbaycan xalqı ötən dövrdə böyük tarixi şəxsiyyətlər yetirib. Layihənin ilk seminarının da məhz Azərbaycan tarixi və onun şanlı səhifələrinə həsr edildiyini bildirən M.İsmayılov bu məqsədlə seminara nüfuzlu elm adamlarının cəlb edildiyini diqqətə çatdırıb. 
M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, dosent Əkrəm Bağırov qeyd edib ki, günümüzdə tariximizin qorunması və dərindən araşdırılması, gələcək nəsillərə çatdırılması böyük əhəmiyyətə malikdir. Ə.Bağırov vurğulayıb ki, Azərbaycanda mövcud olan on dörd mindən çox əlyazmalarda tarixi irsimizin böyük hissəsi qorunmaqdadır. 
Azərbaycanın görkəmli şəxsiyyətlərinin, xüsusilə Azərbaycanın dövlətçilik tarixində Nadir şah Əfşarın rolundan danışan AMEA-nın Tarix institutunun aparıcı elmi işçisi, dosent Nigar Gözəlova bildirib ki, Nadir şahın bir dövlət xadimi, sərkərdə, diplomat və inzibatçı kimi fəaliyyəti üzərindən təqribən 300 il ötsə də, bu gün də öz aktuallığını qoruyur. N.Gözəlova bu sahədə geniş elmi araşdırmaları haqqında məlumat verərək, tarixi şəxsiyyətlərin həyatının araşdırılmasının vacibliyini diqqətə çatdırıb. 
Daha sonra çıxış edən “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin İctimaiyyələ əlaqələr şöbəsinin rəhbəri Amal Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev mövzunun əhəmiyyəti barədə danışıblar. 
Yekunda iştirakçılarla mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

calendar 15-08-2019, 16:31 eye 1 170 eye Paylaş