"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xaçmazda “Qloballaşma və milli kimlik” mövzusunda tədbir keçirilib

İyulun 31-də Xaçmaz rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib. Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Jurnalist Araşdırmaları İctimai Birliyinin sədri, jurnalist ekspert Seymur Verdizadə, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev mövzunun əhəmiyyətinə diqqət çəkərək bildirib ki, müasir dövrdə qloballaşma prosesində milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmalı, qloballaşmanın mənfi və müsbət cəhətlərinə diqqət yetirməliyik.
Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev qeyd edib ki, bəşəriyyətin inkişafının müasir mərhələsində qloballaşma onun əsas məzmununu müəyyən edir. Bu prosesin əsas səbəblərini, təzahür formalarını, nəticələrini, müxtəlif aspektlərini aydınlaşdırmadan müasir dünyamızda baş verən sosial, iqtisadi, mədəni, geosiyasi və digər prosesləri düzgün anlamaq mümkün deyil. Qloballaşma prosesi nəticəsində cəmiyyətdə bir sıra dəyərlər ya itirilir, ya da yeniləri ilə əvəz olunur. Belə olan halda biz hər zaman tarixi köklərimizə hörmət hissi bəsləmli, milli kimliyimizi, mənəviyyatımızı aşınmalardan qorumalıyıq.
Jurnalist Araşdırmaları İctimai Birliyinin sədri, jurnalist ekspert Seymur Verdizadə bildirib ki, İnformasiya cəmiyyətində mövcud əsas problem məlumatın çoxluğu və yüksək sürətlə ötürülməsidir ki, bu da öz növbəsində insanı çaşqınlıq vəziyyətində saxlayır. Bu cür gedişata uyğunlaşa bilməyən cəmiyyətdə psixoloji xəstəliklər, narkomaniya, ruhi düşkünlük və bunlardan doğan cinayətlər baş alıb gedir. İnsanın mənəvi deqradasiyasının qarşısını ala biləcək yeganə amil fitrətə və mənəviyyata arxalanan əqidə olduğundan, məhz mənəvi dəyərlərə arxalanan qloballaşma uğurla nəticələnə bilər.
Seminar-treninqin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

calendar 31-07-2019, 14:36 eye 1 408 eye Paylaş