"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib

Noyabrın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şamaxı rayonunda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib. 
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəşad Əliyev, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, ziyalılar, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminar-treninqi giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəşad Əliyev mənəvi dəyərlərin qorunması və təbliğinin vacibliyini diqqətə çatdırdı. R.Əliyev Şamaxı rayonunda təşkil edilmiş tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirdi. 
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev Fondun fəaliyyəti və həyata keçirdiyi tədbirlər haqqında məlumat verdi. C.Əliyev mənəvi dəyərlərin qorunması və inkişafı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin uğurla təşkil edildiyini vurğuladı.
İcraçı direktor müavini mənəvi sahədə maarifləndirmənin xüsusilə gənclər üçün əhəmiyyətli olduğunu bildirdi.
Daha sonra QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev çıxış edərək dini dəyərlərin mənəvi dəyərlərin tərkib hissəsi olduğunu və bu dəyərləri qorumağın vacibliyini qeyd etdi.
Treninqdə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov dəyər anlayışı, onun mahiyyəti və mütəffəkkirlərin dəyərlərə verdiyi təriflər haqqında geniş məruzə ilə çıxış etdi.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli Azərbaycan dövlətinin mənəvi dəyərlərin təbliği ilə böyük işlər gördüyünü dinləyicilərin diqqətinə çatdırdı.
Seminar-treninqdə müəllimlər və tələbələr çıxış edərək mövzu haqqında fikirlərini bölüşdülər.

calendar 13-11-2018, 14:54 eye 1 151 eye Paylaş