İyulun 30-da Şabran rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Şabran Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Şabran Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fikrət Nuşiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Jurnalist Araşdırmaları İctimai Birliyinin sədri, jurnalist ekspert Seymur Verdizadə, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şabran RİH başçısının müavini Fikrət Nuşiyev müasir Azərbaycan gəncinin mənəviyyatlı olaraq yetişməsi üçün onun ilk növbədə vətənpərvər yetişməsi, ölkəni sevməsi, əxlaqi və milli-mənəvi dəyərlərə sadiq qalmasının vacibliyini diqqətə çatdırıb.
Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev qeyd edib ki, mənəviyyat insanda olan ən dəyərli keyfiyyətlərin cəmidir. İnsanın münasibətlərində, davranışlarında onun mənəviyyatı təzahür edir. İnsanların bir-birinə ehtiramı, xeyirxahlığı, mərhəməti, ədalətli davranışı mənəvi keyfiyyətlər hesab olunur. Əgər bu keyfiyyətlər insanın ruhunda, düşüncəsində yer alırsa, bu, onun həyatında özünü göstərir, əxlaqında özünü biruzə verir.
Jurnalist Araşdırmaları İctimai Birliyinin sədri, jurnalist ekspert Seymur Verdizadə bildirib ki, Azərbaycan xalqının çox zəngin milli-mənəvi dəyər xəzinəsi var. Biz gözümüzü açandan evdə bu dəyərləri görür və bu ruhda tərbiyə olunuruq. İnsanın gücü onun mənəvi zənginliyindədir. Əlbəttə ki, fiziki sağlamlıq, intellektuallıq, savadlılıq insanın ən dəyərli keyfiyyətləri sırasına daxildir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, mənəviyyat ilk növbədə insanın özünə, ailəsinə və yaxınlarına qarşı sevgidən, hörmətdən başlayır. Bu baxımdan mənəvi olaraq güclü inkişaf edən hər bir vətəndaş heç şübhəsiz ki, cəmiyyətdə də öz yüksək mövqeyini qoruyacaq və bir vətəndaş kimi Azərbaycanın inkişafına öz töhfəsini verəcək.
Seminar-müşavirənin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.