"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Fondun təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr edilmiş konfrans keçirilib

İyulun 24-də Bakı şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş “Milli mətbuat – milli düşüncə” adlı konfrans keçirilib. 
Konfransda Fondun icraçı direktorunun müavinləri Rəfi Qurbanov və Ceyhun Əliyev, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “SƏS” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru və Beymedia İnformasiya Agentliyinin baş direktoru Elçin Mirzəbəyli, mətbuat nümayəndələri, qəzet redaktorları, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov ölkəmizdə fəaliyyət göstərən mətbuat nümayəndələrini peşə bayramı münasibəti ilə təbrik edib. “Milli mətbuat dəyərlərimizin keşiyində” mövzusunda geniş məruzə ilə çıxış edən R.Qurbanov bildirib ki, milli və mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasında mətbuatımızın rolu danılmazdır. İcraçı direktorun müavini R.Qurbanov qeyd edib ki, “Əkinçi”dən başlayan söz və ifadə azadlığı bizə “Füyuzat”la dəyərlərimizə hörməti, “Molla Nəsrəddin”lə sağlam tənqidi öyrətdi. Bu mənada milli mətbuatın yaranması milli kimliyimizin formalaşmasında xüsusi rola malikdir. O, bildirib ki, söz və ifadə azadlığının tərənnümü olan mətbuat bu gün fundamental dəyərlərin təbliğində yaxından iştirak etməlidir. Bu sahədə dövlətin həyata keçirdiyi siyasətə toxunan R.Qurbanov diqqətə çatdırıb ki, dini, irqi ayrı-seçkiliyi təbliğ edən, nifrəti aşılayan məzmunların qanun çərçivəsində qadağan olunması tarixən çulğalaşan dəyərlərimizin qorunmasına və geniş təbliğinə yönəlmişdir.
Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu vurğulayıb ki, 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib. Bu gün mətbuata dövlət tərəfindən xüsusi diqqət və qayğının göstərilməsi, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental amillər kimi dəyərləndirilməlidir. 
“SƏS” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev bildirib ki, milli mətbuatımızın “Əkinçi”dən bu günə qədər keçdiyi yol keşməkeşli və şərəflidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik və güclü mətbuat vardır. Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
Daha sonar tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanda müstəqil mətbuatın inkişafından bəhs edərkən ilk olaraq Ulu Öndərin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmir edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ilə mətbuatın üzərindən senzuranın götürülməsi qeyd edilir. Təbii ki, senzuranın mövcudluğu şəraitində mətbuatın müstəqilliyindən danışmaq qeyri-mümkün idi. Bu qətiyyətli addım yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanlar açdı.
Azərbaycan mətbuatının əsas inkişaf dövrünün ölkənin müstəqilliyinin ilk illərinə təsadüf etdiyini bildirən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli diqqətə çatdırıb ki, 1990-cı illərin əvvəllərində yeni qəzetlərin nəşri prosesi ilə jurnalistikada keçid mərhələsi başladı. Müstəqillik ideyalarını təbliğ edən, milli oyanış, özünüdərk prosesinin əsas faktoru olan Azərbaycan mediası bu vaxtdan etibarən yeni inkişaf mərhələsinə qədəm qoydu.
Sonda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən media nümayəndələri arasında elan olunmuş “Milli mətbuat – milli düşüncə” mövzusunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

calendar 24-07-2019, 14:23 eye 1 025 eye Paylaş