İyulun 19-da Qəbələ rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Alban-Udi Xristian dini icmasının dəstəyi ilə ökəmizdə mövcud olan mədəni müxtəlifliyin, eləcə də Alban mədəni irsinin geniş şəkildə təbliğinə həsr edilmiş “Tolerant Azərbaycan” mövzusunda konfrans keçirilib. Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Azərbaycan-Udi Ocağı”nda təşkil edilən tədbirdə Fondun icraçı direktor müavini Rəfi Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, Qəbələ Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Absalam Hüseynov, Qəbələ rayon Təhsil şöbəsinin müdiri Arifə Bayramova, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Oğuz şəhəri Alban-Udi Xristian dini icmasının sədri Svetlana Ağababayeva, Belarus-Azərbaycan İcmaları Konqresinin üzvü, Dünya Azərbaycanlılarının III Qurultayının nümayəndəsi Quqasari Roman, dini icmaların üzvləri, Nic qəsəbəsinin sakinləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qəbələ RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Absalam Hüseynov keçirilən tədbir barəsində ətraflı məlumat verərək ölkəmizdəki tolerantlığın tarixindən və müxtəlif xalqların, dinlərin nümayəndələrinin Azərbaycanda dostluq şəraitində yaşamasından danışıb.
Fondun icraçı direktor müavini Rəfi Qurbanov bildirib ki, tolerantlıq sözünün hərfi mənası dözümlülükdür. Lakin çoxsaylı xalqların yaşadığı Azərbaycanda mövcud olan birgəyaşayış, dostluq, qardaşlıq ənənəsi dözümlülükdən daha çox xoşgörüyə, sevgiyə əsaslanır. Bu ənənələrin yaşadılmasında və inkişafında Qəbələ rayonunun Nic qəsəbəsində fəaliyyət göstərən Alban-Udi Xristian dini icmasının da rolu çox böyükdür. Çıxışının sonunda R. Qurbanov Mənəvi Dəyərlərin Təbliği Fondu adından İcmanın gələcək fəaliyyətində uğurlar arzulayıb.
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili qeyd edib ki, müasir Azərbaycan təkcə mədəniyyətlərarası və konfessiyalararası deyil, həm də dinlərarası dialoqun mərkəzidir. Udilər Avropa ilə Asiyanın kəsişməsində yerləşən tarixi vətənlərində öz dillərini, dinini, qədim adətlərini, ənənələrini, qoruyub saxlaya bilib. Kiçik, amma dini baxımdan zəngin udi xristian icması Alban apostol kilsəsinin varisləridir. Robert Mobili digər dini icmalar kimi, Alban-Udi Xristian dini icmasının da dövlətin diqqət və qayğısını daim hiss etdiyini vurğulayıb və bu günkü tədbirin təşkili üçün Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirib.
Qəbələ rayon Təhsil şöbəsinin müdiri Arifə Bayramova bildirib ki, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda tolerantlıq, multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilib. Bu məmləkətdə bütün xalqlar sülh, əmin-amanlıq şəraitində xoşbəxt yaşayır. Eyni zamanda natiq bildirib ki, Azərbaycan dövləti ölkəmizdə yaşayan müxtəlif xalqların dilinin qorunması istiqamətində də işlər görür.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev ölkəmizdə heç vaxt dinlərarası, millətlərarası zəmində hər hansı mübahisələrin, çəkişmələrin, digər xoşagəlməz halların olmadığını diqqətə çatdırıb.
Daha sonra çıxış edən Belarus-Azərbaycan İcmaları Konqresinin üzvü, Dünya Azərbaycanlılarının III Qurultayının nümayəndəsi Quqasari Roman Oğuz şəhəri Alban-Udi Xristian dini icmasının sədri Svetlana Ağababayeva, Nic qəsəbəsi Ağsaqqallar şurasının sədri Frans Vartanov Azərbaycanda hər zaman bütün dinlərə və fərqli mədəniyyətlərin daşıyıcılarına qayğı ilə yanaşıldığını qeyd ediblər.
Nic qəsəbəsinin sakini Əhməd Məmmədli Nic qəsəbəsi və burada yaşayan udilərin tarixi barəsində yazdığı şeiri səsləndirib və tədbir müzakirələrlə davam edib.