"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Elman Məmmədov: “MDTF-nin şəhid övladları ilə bağlı bu addımını yüksək qiymətləndirirəm”

Millət vəkili Elman Məmmədov Fondun həyata keçirdiyi "Yay məktəbi"ndə şəhid ailələrindən olan tələbələrin iştirakı barəsində danışıb: “Mənəvi Dəyərlərin Təbliği Fondunun şəhid övladları ilə bağlı bu addımını yüksək qiymətləndirirəm."

Şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğının göstərildiyi, bununla bağlı ölkəmizdə bir sıra iriqmiqyaslı layihə və proqramların həyata keçirildiyi məlumdur.
Bu günlərdə Mənəvi Dəyərlərin  Təbliği Fondunun tələbələrlə bağlı təşkil etdiyi “yay məktəbi” layihəsində də digər kateqoriyadan olan tələbələrlə yanaşı, şəhid ailəsindən olan tələbələr də yer alıb. Layihə əsasında ölkəmizin səfalı guşələrinə səfər edən tələbələr tarixi-mədəni abidələri ziyarət edib, milli-mənəvi dəyərlərimizlə yaxından tanış olub.
MDTF-nun ölkə gəncləri, xüsusilə də şəhid övladları ilə bağlı həyata keçirdiyi bu layihələr gənc nəslin milli mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyəsi baxımından nə dərəcədə önəmlidir?
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov bu kimi layihələrin mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:
“Şəhid övladları, bütövlükdə gənclərlə bağlı bu kimi layihələr alqışlanmalı və təqdir edilməlidir. Bunlar olduqca vacib və əhəmiyyətli layihələrdir.
Dövlətimiz hər zaman şəhid ailələrini diqqət mərkəzində saxlayır. Ölkəmizdə şəhid ailələri çoxdur. Ancaq şəhid övladları yaş amili səbəbi ilə 18 yaşına çatandan sonra bəzi imtiyazlarından istifadə edə bilmir. Buna görə də bu gün şəhid övladları sırasında uşaq kateqoriyasına aid olanların sayı azdır. 1994-cü ildə atəşkəs sazişi bağlanılıb, qan tökülməsinin qarşısı alınıb. 1994-cü ildə anadan olan şəhid övladının yaşı bu gün 20-25-dən çoxdur. Düşmənin ara-sıra atəşkəsi pozması, müxtəlif təxribatlar törətməsi nəticəsində şəhid olan hərbçilərimizin azyaşlı övladları var ki, onlara hər yerdə  - ailədə də, cəmiyyətdə də, orta məktəbdə də, ali məktəbdə də qayğı göstərilməlidir. Dövlətimiz bunu diqqətdə saxlayır.
Şəhid ailələrinə diqqət və qayğı göstərmək hər birimizin borcudur. Odur ki, MDTF-nun şəhid övladlarına göstərdiyi bu qayğını dövlətimizin diqqətinin təzahürü kimi qiymətləndirirəm və mən adıçəkilən qurumun bu səylərini dəstəkləyir, ona gələcək fəaliyyətində uğurlar arzulayıram”.

calendar 15-07-2019, 19:26 eye 1 066 eye Paylaş