İyulun 12-də Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən tələbələr üçün 5 günlük “Yay məktəbi” başa çatıb.
Bağlanış mərasimində tələbələr üçün Fondun sifarişi ilə hazırlanmış “Heydər Əliyev və azərbaycançılıq” adlı sənədli film nümayiş olunub.
Daha sonra “Yay məktəbi”ndə aktiv iştirak etdiklərinə görə tələbələrə təşəkkür edən Fondun icraçı direktoru Mehman İsmayılov bildirib ki, “Yay məktəbi”nin təşkil edilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin inkişafında, maddi-mədəni irsimizin qorunmasında, həmçinin tarixən formalaşmış dəyərlərimizin gələcək nəsillərə ötürülməsində gənclərin, xüsusilə tələbələrin rolunu artırmaqdır.
Ölkənin müxtəlif universitetlərinin tələbələrin iştirakı ilə keçirilən Yay düşərgəsində tələbələr İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Lahıc qəsəbəsindəki tarixi hamam, Lahıc Tarix Diyarşünaslıq Muzeyi, Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Çotari Kilsəsi, “Azərbaycan Udi ocağı”nı ziyarət edib, İvanovka kəndində kənd folklor qrupu ilə tanış olublar.
8-12 iyul tarixlərini əhatə edən “Yay məktəbi”ndə həmçinin Fondun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılovun “Müasir gənclər və dəyərlərimiz”, icraçı direktorun müavini Rəfi Qurbanovun “Azərbaycanda müxtəliflik və interkulturalizm”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasovun “Elm tarixində Azərbaycan məktəbi” mövzusunda mühazirələri dinlənilib, müxtəlif intellektual yarışlar keçirilib, eyni zamanda, tələbələrin iştirakı ilə mədəniyyətimizin incilərindən olan milli rəqslər və filmlərdən maraqlı səhnəciklər ifa olunub.