Mənəvi Dəyərlərin Təbliği Fondunda Fondun təşkil etdiyi Yay məktəbində iştirak edəcək universitet tələbələri ilə görüş keçirilib. Fondun icraçı direktorunun müavini Rəfi Qurbanovun iştirakı ilə keçirilən görüşün məqsədi müxtəlif universitetlərdən 100-ə yaxın tələbənin, o cümlədən şəhid ailələrindən olan tələbələrin iştrak edəcəyi Yay məktəbi ilə bağlı məlumatlandırmaq olmuşdur.
Fondun təşkilatçılığı ilə 2019-cu ilin 8-12 iyul tarixlərində İsmayıllı rayonunda “Tələbələr üçün Yay məktəbi” keçiriləcək. Yay məktəbinin təşkilində əsas məqsəd milli-mənəvi dəyərlərimizin inkişafında, maddi mədəniyyət irsimizin qorunmasında, eləcə də tarixən formalaşmış dəyərlərimizin gələcək nəsillərə ötürülməsində gənclərin, xüsusilə tələbələrin rolunu artırmaqdır.
Qeyd edək ki, Yay məktəbində “ADA” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edəcək.