İyulun 1-də Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti Mənəvi Dəyərlərin Təbliği Fondunun dəvəti ilə Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində qonaqlar Fəxri Xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarını ziyarət ediblər.
Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, İdarənin Şərqi Gürcüstan üzrə müftisi Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müftisi Beglar Kamaşidze və katibi Oktay İsayevin iştirak etdiyi nümayəndə heyətilə görüş keçirilib.
Qonaqları salamlayan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin möhkəmliyini və inkişafını diqqətə çatdırıb. M.İsmayılov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin Tbilisi şəhərində elan olunması, XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycan inkişafında müstəsna rol oynayan ziyalılarımızın Qori şəhərində yerləşən Müəllimlər Seminariyasında təhsil alması, dövlət müstəqilliyimizin yenidən əldə edilməsinin eyni dövrə təsadüf etməsi, hər iki ölkədə etnik və mədəni müxtəlifliyin, birgəyaşayış ənənəsinin, dini dözümlülüyün mövcudluğu və s. bizi birləşdirən ortaq dəyərlərdir. Azərbaycan-Gürcüstan dostluğunda Ulu Öndər Heydər Əliyevin xidmətlərini qeyd edən M.İsmayılov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında mənəvi əlaqələrin gücləndirilməsində Qafqaz Müsəlmanları İdarəsinin, xüsusilə bu qurumun rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin önəmli rolu var. Bu baxımdan Şeyxülislam Allahşükür Paşazadə ilə Gürcüstanın katalikos-patriarxı II İlyanın yüksək səviyyəli münasibətləri böyük önəm kəsb edir.
M.İsmayılov Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi tədbirlər barəsində də qonaqlara geniş məlumat verib.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov və digər qonaqlar dəvətə görə Fondun rəhbərliyinə təşəkkür ediblər. Gürcüstanda yaşayan azərbaycanlıların ürəklərinin Azərbaycanla döyündüyünü, ölkədə gedən bütün prosesləri yaxından izlədiklərini vurğulayan Ramin İgidov bildirib ki, Gürcüstanda da dövlət-din münasibətləri yüksək səviyyətə qurulub. Digər sahələrdə olduğu kimi, dini sahədə də əməkdaşlığa hazır olduqlarını vurğulayan nümayəndə heyətinin üzvləri bu baxımdan məzhəblərarası vəhdət, dinlərarası münasibətlər, tolerantlıq, multikulturalizm kimi mövzularda Azərbaycan təcrübəsinin öyrənilməsinin onlar üçün çox önəmli olduğunu diqqətə çatdırıblar.
Qeyd edək ki, bir neçə gün davam edəcək səfər çərçivəsində müxtəlif dini-tarixi abidələrin ziyarət edilməsi, çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur.