"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Biləsuvar rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib

Mayın 30-da Biləsuvar rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib. Tədbirdə Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov, Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin Biləsuvar rayonu üzrə səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları və aztəminatlı ailələrin nümayəndələri iştirak ediblər.
Mərasim müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb.
İştirakçıları mübarək Ramazan ayı münasibəti ilə təbrik edən Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov qeyd edib ki, İslam dəyərləri bizim milli mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqı tərəfindən ehtiramla qəbul edilmiş və yaşadılmışdır.
Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov bildirib ki, şəhidlik böyük amallar uğrunda candan keçmək, verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Ən ali, müqəddəs və şərəfli zirvəyə ucalan şəhidlərimiz daim qəlblərdə yaşayır, heç vaxt unudulmurlar. R.Qurbanov iftar süfrəsinin təşkil edilməsi üçün yaradılan şəraitə görə Biləsuvar rayon İcra Hakimiyyətinin rəhbərliyinə Mənəvi Dəyərlərin Təbliği Fondu adından təşəkkürünü bildirib. 
İftar mərasimində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.

calendar 31-05-2019, 09:09 eye 1 137 eye Paylaş