Mayın 29-da Lerik rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib. Tədbirdə Fondun şöbə müdiri Hatəm Gülməmmədov, Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, din xadimləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları və aztəminatlı ailələrin nümayəndələri iştirak ediblər.
Mərasim müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb.
İştirakçıları mübarək Ramazan ayı münasibəti ilə təbrik edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov qeyd edib ki, Ramazan ayı bir çox fəzilətləri özündə birləşdirən müqəddəs bir aydır. Bu ay insanları daha yaxşı olmağa, dəyərlərə və bir-birinə daha ehtiramla yanaşmağa çağırır. Azərbaycan xalqı tarixinin ən mürəkkəb dönəmlərində də dəyərlərimizə bağlılığımızı qoruyub saxlayıb və bu gün də öz milli-mənəvi dəyərlərini yaşadır.
Fondun şöbə müdiri Hatəm Gülməmmədov bildirib ki, Vətən şəhidlərin çiyinləri üzərində dayanır. Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər bir şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur. Belə bir müqəddəs ayda, iftar süfrəsi ətrafında şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları ilə bir araya toplaşmaq bizim üçün qürurvericidir. H.Gülməmmədov iftar süfrəsinin təşkil edilməsi üçün yaradılan şəraitə görə Lerik rayon İcra Hakimiyyətinin rəhbərliyinə Mənəvi Dəyərlərin Təbliği Fondu adından təşəkkürünü bildirib.
İftar mərasimində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.