Mayın 23-də Nardaran qəsəbəsində yerləşən “Rəhimə xanım” ziyarətgahında Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib. Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Sabunçu RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, din xadimləri və qəsəbə sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev tədbir iştirakçılarını salamlayaraq onları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. C.Əliyev qeyd edib ki, İslam peyğəmbəri bu ayı “İlahi ziyafət” adlandırır. Hər bir oruc tutan Allaha qonaqdır, Allah da öz qonaqları qarşısında mənəvi və maddi nemətlərlə dolu bir süfrə açır.
Çıxışlar zamanı qeyd olunub ki, Ramazan sevgi, mərhəmət, xeyirxahlıq, mənəvi yenilənmə ayıdır. Bu müqəddəs ayın cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsində xüsusi əhəmiyyəti var.
İftar mərasimində Qurani-Kərim tilavət edilib, dualar oxunub.