Mayın 20-də Balakən rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib. Tədbirdə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Fondun şöbə müdiri Hatəm Gülməmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Balakən rayonu üzrə qazisi İbrahim İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim müqəddəs Qurani-Kərim tilavəti ilə başlayıb.
İştirakçıları mübarək Ramazan ayı münasibəti ilə təbrik edən QMİ-nin Balakən rayonu üzrə qazisi İbrahim İbrahimov qeyd edib ki, Ramazan sevgi, mərhəmət, xeyirxahlıq, mənəvi yenilənmə ayıdır. Bu müqəddəs ayın cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsində xüsusi əhəmiyyəti var.
Fondun şöbə müdiri Hatəm Gülməmmədov bildirib ki, şəhidlər bizim qürur mənbəyimiz, fəxrimiz, and yerimizdir. Onların adını daim uca tutmaq, ailə üzvlərinə, yaxınlarına diqqət və qayğı göstərmək hər bir azərbaycanlının vətəndaşlıq borcu, ən ümdə vəzifəsidir. Belə bir müqəddəs ayda, iftar süfrəsi ətrafında şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları ilə bir araya toplaşmaq bizim üçün qürurvericidir. H.Gülməmmədov iftar süfrəsinin təşkil edilməsi üçün yaradılan şəraitə görə Balakən rayonunun rəhbərliyinə, rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevə Mənəvi Dəyərlərin Təbliği Fondu adından təşəkkürünü bildirib.
İftar mərasimində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.