"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Bakıda “Milli kimliyimizin simvolu Azərbaycan bayrağı” mövzusunda konfrans keçirilib

Mənəvi Dəyərlərin Təbliği Fondu noyabrın 8-də Bakıda “Milli kimliyimizin simvolu Azərbaycan bayrağı” mövzusunda konfrans keçirib.
Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, bayraq bir dövlətin və xalqın bütün dəyərlərini özündə əks etdirən simvoldur. Bu dəyərlər gənclər tərəfindən tam dərk edilməli və öyrənilməlidir.
M.İsmayılov Azərbaycan Respublikasının dövlət bayrağının yaranma tarixindən də danışıb. Qeyd edilib ki, üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprelinədək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiqlənib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan edib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur.
İcraçı direktor bildirib ki, ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində müstəqil respublikamızda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər qazanılıb, dövlətçiliyimiz möhkəmlənib, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən ölkəmizin müdafiə qüdrəti daha da artıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə torpaqlarımız işğaldan azad ediləcək və üçrəngli bayrağımız Qarabağda dalğalanacaq.
Vurğulanıb ki, türkçülüyü, müasirliyi və İslam sivilizasiyasını təcəssüm etdirən bayrağımız dövlətimizin ideoloji modelinin məna və funksiyasını tamamilə ifadə edir, müasir Azərbaycan üçrəngli bayrağımız altında müstəqillik yolu ilə inamla irəliləyir, iqtisadi və siyasi gücünü getdikcə artırır.
Milli Məclisin deputatı Azər Badamov deyib ki, bayrağımız yaşından və vəzifəsizdən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı tərəfindən qorunmalıdır. Çünki bayraq müstəqilliyimizin simvoludur. O, bayrağımızın tarixin keşməkeşli yollarından keçərək illərin sınağından çıxdığını, müstəqillik uğrunda mübarizələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyandığını bildirib. “Bu bayraq hər bir azərbaycanlı üçün müqəddəsdir. Azərbaycanın şanlı bayrağının daim yüksəklərdə dalğalanması üçün ulu öndər Heydər Əliyev yorulmaz fəaliyyət göstərib”, - deyə deputat qeyd edib.
A.Badamov bildirib ki, Prezident İlham Əliyev dövlət atributlarına xüsusi diqqətlə yanaşır. Təsadüfi deyil ki, bu gün ölkəmizdə həyata keçirilən dövlət siyasətində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Dövlətimizin gənclərə yaratdığı imkan nəticəsində onlar bayrağımızı dünyanın müxtəlif ölkələrində yüksəklərə qaldırırlar.
Milli Məclisin deputatı Şahin İsmayılov qeyd edib ki, üçrəngli bayrağımız Azərbaycan xalqının vicdan və qeyrət, namus rəmzinə çevrilib. Xalqımız ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bu bayraq altında sıx birləşib, onu uca zirvələrə qaldırıb, müqəddəslik və şərəf rəmzi kimi bayrağımızın əbədi dalğalanmasına zəmin yaradıb. Bu gün davamlı inkişaf yolu ilə uğurla addımlayan suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız hər bir vətəndaşımızın qəlbində qürur və fərəh hissi doğurur.
Deputat vurğulayıb ki, dünyanın qloballaşması fonunda insanlar mənəvi dəyərlərdən uzaqlaşırlar. Bir cəmiyyətin və dövlətin həyatda qalması üçün xalqlar mənəvi dəyərlərin qorunub saxlanması uğrunda mübarizə aparmalıdırlar. Bu məsuliyyət isə daha çox gənclərin üzərinə düşür. Azərbaycan Prezidenti İlham Əliyev gənclərin bu sahədəki fəaliyyətinə də hər zaman dəstək verir.
“Səs” Media Qrupunun rəhbəri, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Bəhruz Quliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız bu gün müasir Azərbaycanın müstəqillik rəmzinə çevrilib. Dövlətimiz və xalqımız üçün bu tarixi məsələdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. İndi Azərbaycan bayrağı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları və mötəbər məclislərində qürurla dalğalanır. Bu gün bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Ümummilli lider Heydər Əliyev deyirdi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin nəticəsidir ki, şanlı tariximizdən gələn milli dəyərlərə hörmət və ehtiram Azərbaycan dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir.
Tədbirdə digər çıxış edənlər Azərbaycanın dövlət bayrağının tarixi ilə bağlı fikirlərini bildiriblər.

calendar 8-11-2018, 15:22 eye 1 230 eye Paylaş