Mayın 7-də Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı səfirliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Gürcüstanın Dmanisi rayonunda "Ulu öndər Heydər Əliyev və mənəvi dəyərlər" mövzusunda tədbir keçirilib.
Dmanisi rayonunun meri Giorgi Tatuaşvili tədbirdə çıxış edərək bütün müsəlmanları müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib. Bildirib ki, gürcü xalqının da yaxın dostu olan Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Dmanisidə belə bir tədbirin keçirilməsi rayon ictimaiyyəti üçün qürurvericidir.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Azərbaycan-Gürcüstan dostluğunda ulu öndər Heydər Əliyevin xidmətlərini qeyd edib. O, əsası Ümummilli Lider tərəfindən qoyulmuş bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb.
Səfir Azərbaycanın tolerantlıq və multikultural dəyərləri barədə məlumat verib. Bildirib ki, hər iki ölkədə dini dözümlülük bizim dostluğumuzun daha da möhkəmlənməsinə xidmət edir.
Diplomat Azərbaycanın böyük oğlu, gürcü xalqının yaxın dostu Heydər Əliyevin təşəbbüsü ilə regionda həyata keçirilən layihələrin xalqlarımızın rifahına xidmət etdiyini söyləyib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Azərbaycan- Gürcüstan dostluğunun tarixindən danışıb, ilk dəfə 1918-ci ildə hər iki müstəqil dövlətin məhz Tbilisidə yarandığını qeyd edib.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri hacı Əli Əliyev, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi Abay Paşayev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov və başqaları çıxış edərək Heydər Əliyevin həyatından, siyasi fəaliyyətindən, xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərindən danışıblar.
Sonda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış "Ailə dəyərləri" filmi nümayiş etdirilib.
Həmin gün belə bir tədbir azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda da keçirilib.
Qeyd edək ki, bu cür tədbirlər Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Qardabani, Saqareco, Laqodexi rayonlarında və paytaxt Tbilisidə də keçiriləcək.