"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Sumqayıt şəhərində “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib

Mayın 7-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhərində “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin klinik psixoloqu Şahin Əliyev, Sumqayıt Dövlət Universitetinin (SDU) müəllimi, filologiya üzrə fəlsəfə doktoru Əli Rzazadə, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış "Ailə dəyərləri" filmi nümayiş olunub.
Daha sonra tədbiri giriş sözü ilə açan Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov tədbirin məqsədi haqqında məlumat verərək bildirib ki, ailə institutlarının sağlam təməllər üzərində qurulması, həmin institutlarda şəxsiyyətlərin yetişməsi və faydalı olması üçün fundamental dəyərlər qorunub saxlanılmalı, gələcək nəsillərə ötürülməlidir. Rəfi Qurbanov qeyd edib ki, mədəniyyətlər müxtəlif olduğu kimi, ailələr də müxtəlifdir. Bu səbəbdən cəmiyyətin özəyini təşkil edən ailənin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Dəyərlərimizə bağlılıq və hörmət, qloballaşan dünyamızda onları zərərli vərdişlərin qurbanına çevrilməmələri üçün hazırlamaq bu tərbiyənin əsasını təşkil edir.
Konfransda çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov qeyd edib ki, mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Ailəsini qoruyan torpağını qoruyacaq, ailəsinin sabitliyini istəyən Vətənin əmin-amanlığını istəyəcəkdir. 
“Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin klinik psixoloqu Şahin Əliyev bildirib ki, ailə dəyərlərimizi xarakterizə edərkən burada övlad sevgisinin xüsusi önəm daşıdığını görürük. Ailənin mənəvi şəxsiyyətinin təşəkkülündə, təbii ki, ilk növbədə ata-anaya böyük vəzifələr düşür. Fədəkarlıq, öncə başqalarını düşünmə, eqoizmdən uzaq davranış, hörmət, sevgi, yardım etmək, səbir göstərmək və s. xüsusiyyətlər mənəvi şəxsiyyəti yetişdirir.
Yad, millətimizə xas olmayan ideyaların, davranış tərzlərinin təbliğinin böyüməkdə olan nəslə bəzən yanlış yol göstərdiyini vurğulayan SDU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Əli Rzazadə qeyd edib ki, ailə münasibətlərində bəzən arzuolunmaz transformasiyalar baş verir. Cəmiyyət, hər bir vətəndaş bu yad meyillərin qarşısını qətiyyətlə almalı, milli dəyərlərin qorunması, itməməsi üçün güc sərf etməlidir.
Konfransın yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

calendar 7-05-2019, 15:53 eye 1 118 eye Paylaş