Mayın 2-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Şamaxı şəhərində “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) şöbə müdiri Hatəm Gülməmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Babaqədir Qədirov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Bilal Həsənli, müəllim və tələbə kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şamaxı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Babaqədir Qədirov qeyd edib ki, İmadəddin Nəsimi Azərbaycanın dünya ədəbiyyatına bəxş etdiyi böyük şairlərdən biridir. Nəsiminin əsərləri Azərbaycan dilində yaranan şeirin inkişafında öz mütərəqqi xüsusiyyətləri ilə mühüm rol oynamışdır.
Fondun şöbə müdiri Hatəm Gülməmmədov bildirib ki, Nəsimi şair və mütəfəkkir kimi öz zamanının ən qabaqcıl, mütərəqqi simalarından idi. Nəsimi bir insanpərvər kimi, insan dostu kimi əsrlər arxasından irəliyə, gələcəyə baxırdı. Onun gözəl fikirləri, xoş arzuları, böyük sənət əsəri olan şeirləri bugün daha yüksək qiymətləndirilir.
Geniş məruzə ilə çıxış edən ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Bilal Həsənli qeyd edib ki, Azərbaycan, fars və ərəb dillərində böyük və zəngin ədəbi irs yaratmış İmadəddin Nəsiminin şeirlərində ifadə olunan yüksək humanizm, dünyəvilik, mənəvi kamillik, ictimai ədalət və ilahi eşq ideyaları zamanı daha da irəli aparan çağırışlardır.
ADPU-nun Şamaxı filialının müəllimi Rima Quliyeva söyləyib ki, Nəsimi insanı sevməsi baxımından, o cümlədən Azərbaycan dilində, o dövrdə, bəlkə də ədəbi dil üçün hələ xarakterik olmayan dil və üslub məqamlarını gətirdiyinə görə bizim üçün çox əzizdir.
ADPU-nun Şamaxı filialının dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Zərifə Cavadova bildirib ki, Nəsimi bütün həyatı və yaradıcılığı boyu müqəddəs amalları uğrunda mübarizə aparıb. Tarix və ilahi ədalət bir daha onu göstərir ki, bu mübarizədə Nəsimi qələmi qalib gəlib.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli Nəsiminin öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşər varlıq olmasını tərənnüm etdiyini vurğulayıb.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.