Aprelin 29-da Bakı şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Bakı şəhəri üzrə Təhsil idarəsinin dəstəyi ilə “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib. Bakı şəhərindəki məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 12 komandanın iştirak etdiyi yarışda milli-mənəvi dəyərlərimiz, Azərbaycanın tarixi, mədəniyyəti və s. mövzular üzrə suallar səsləndirilib.
Yarışın açılışında iştirak edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Respublikamızda təhsil üçün geniş imkanlar yaradıldığını qeyd edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev məktəblilərə tövsiyələrini verib və intellektual yarışın iştirakçılarına uğurlar arzulayıb.
Maraqlı mübarizə şəraitində keçən yarışda fərqlənən şagirdlər diplom və sertifikatlarla mükafatlandırılıb.
Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində ölkənin 9 müxtəlif regionunda intellektual yarışların təşkil edilməsi və final mərhələsinin Bakı şəhərində keçriliməsi nəzərdə tutulur.