Aprelin 17-də Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının fəaliyyətinə həsr edilmiş “Tolerant Azərbaycan” mövzusunda konfrans keçirilib. Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası İdarəsinin mətbuat katibi, protierey Konstantin Pominov, Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanının müavini Vadim Suxarev, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Anar Əlizadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Azərbaycanın Rus İcmasının sədrinin birinc müavini Yuri Zenin, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov konfransda çıxış edərək ölkəmizdəki dini tolerantlıqdan danışıb. Bildirib ki, Azərbaycanda bütün dinlərə mənsub insanlar birgə sülh, tolerantlıq şəraitində yaşayırlar.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein "Bakı yeparxiyasının tarixi" mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanda rus icmasının tarixi və fəaliyyəti barədə fikirlərini bölüşüb.
Sonra Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası İdarəsinin mətbuat katibi, protierey Konstantin Pominov “Müasir dövrdə Bakı yeparxiyası: Dinlərarası dialoq və multikulturalizmin inkişafına dəstək” mövzusunda məruzə edib.
Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanının müavini Vadim Suxarev “Azərbaycan Kazakları Həmyerlilər Birliyi və Bakı yeparxiyası: Mənəvi dəyərlər və əxlaq ənənələrinin qorunması və inkişafı üzrə qarşılıqlı əməkdaşlıq” mövzusunda çıxış edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin məsul əməkdaşı Anar Əlizadə Azərbaycanda tarixboyu müxtəlif xalqların nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib. Qeyd edib ki, Azərbaycan dövləti bu tolerant mühiti qoruyur. Ölkəmizdə bütün dinlərə mənsub insanların rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Bütün dünyada ksenofobiyanın, islamofobiyanın hökm sürdüyü bir dövrdə Azərbaycanda sabitlik, əmin-amanlıq var. Biz hər birimiz bu sabitliyi qorumaq üçün səy göstərməliyik.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, tədbirdə gənclərin iştirakı xüsusilə əhəmiyyətlidir. Bu, Azərbaycandakı tolerantlıq ənənələrinin qorunub saxlanılması üçün vacib amildir.