"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

“Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” inşa-yazı müsabiqəsinin qalibi Bakı şəhər 287 saylı “Zəkalar” liseyinin 9-cu sinif şagirdi Ağamirzadə Əsmərin inşasını oxucularımıza təqdim edirik

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Bakı məktəbliləri arasında təşkil olunan “Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” inşa-yazı müsabiqəsinin qalibi Bakı şəhər 287 saylı “Zəkalar” liseyinin 9-cu sinif şagirdi Ağamirzadə Əsmərin inşasını təqdim edirik:
Həyat çox fərqlidir. Onu fərqli qılansa biz insanların müxtəlif düşüncələridir. Bir anlıq düşünək, həyat eyni düşüncə tərzi ilə hərəkət edən, eyni vəzlərdən yola çıxan insanlarla doludur. Hər kəsin maraqları və fəlsəfəsi eynidir. Fikrimcə, bu qulağa xoş gəlməz, çünki insanlar fərqli olduqları zaman təkmilləşir. İnsanlar özlərini digər xalqların mədəniyyətləri ilə müqayisə edərək təkmilləşir. Gəlin bunu da qəbul edək, biz insanların beyni özününkündən fərqli tərzlərə meyl edir. Bu isə beynimizin müxtəlifliyin bizə nələr gətirəcəyi ilə çox maralandığı üçün baş verir, əslində. Bizlərin başqa-başqa mədəniyyətlərə yönəlməsi eyni düşüncəli bir qrup insanların fərqli adlarla birləşməsinə gətirib çıxarır. Bu qruplarsa məhz xalq adlanır. Xalqın dəyəri onun qüdrətinin bəhrəsidir. Heç danılmazdır ki, onun uzun illər yaşamasına səbəb milli-mənəvi dəyərlərdir. Ata-baba yurdlarından qalma adət-ənənələr, qədim mədəniyyət və daha çoxu...
Bir Azərbaycan vətəndaşı olaraq xalqımın belə dəyərlərə sahib olduğunu görmək mənə qürur verir. Bunlara qədimdən bəri çörəyən müqəddəs olması, ana haqqının Tanrı haqqına bərabər olması, bayrağımızın keşməkeşli tarix pillələrini alnıaçıq irəliləməsi, islam dininin dövlətimizə gətirdiyi töhfələr, dini tolerantlıq və s. Mənəvi sərvət dedikdə ağlımıza önəmli azərbaycanlı şəxsiyyətlər də gəlir. Bunlara Ulu öndər Heydər Əliyevi, bu gün burada bir qız kimi təhsil almağıma vəsilə olan H. Z. Tağıyevi, bizim bu partalarda rahat oturub gələcəyimizi qurmaq üçün canından keçən şəhidlərimizi misal göstərmək olar. Bəlkə, bu gün onlar aramizda deyil, itirmişik, ancaq bütün bunlar onların yaşamasına mane ola bilməz. Bu dəyərli şəxslər qəlbimizdə daim yaşayırlar və heç vaxt da ölməyəcəklər. Mənəvi dəyər anlayışı bununla bitmir əlbəttəki. Qədimdən bəri hələ də eyni yükək əhval-ruhiyyə ilə qarşıladığımız 3 qeyd günü: Novruz, Ramazan və Qurban bayramlarıdır ki bizə mənəviyyatı öyrədən həmin günlər yaşadığımız misilsiz dəyərli duyğulardır. 
Hər bir cəmiyyətin xalqına verdiyi dəyəri onun bayrağına baxarkən keçirdiyi fəxr hissi sübut edir. O xalq həqiqətən xoşbəxtdir ki, insanları birlik olub mənəvi dəyərlərinə sahib çıxır. Hər bir vətəndaşın birinci borcu milli-mənəvi dəyərlərimizi qoruyub gələcək nəsillərə düzgün ötürməkdir.
Bəzən insanlar müasirliklə dəyərləri səhv salırlar. Müasirlik adı altında milli-mənəvi dəyərlərimizi tapdalayırlar. Halbuki gələcəkdə qurmaq istədikləri müasirliyin keçmişimizdən asılı olduğunun fərqinə varmırlar. Avropa yeniliyi adı altında süuraltımıza yeridilən hər bir fikir bizi ona nəinki yaxınlaşdırır, əksinə daha da əlçatmaz edir. Çingiz Aytmatovun ifadəsi ilə belə insanlar sözün əsl mənasında “manqurt” adlanır. Necə deyərlər: “Keçmışı olmayanın gələcəyi də olmaz.” Beynindən tarix yaddaşı silinmiş bir millət, artıq tarix səhnəsindən də silinmişdir deməkdir. Bu cəmiyyət adlanan, əslində isə şəxsi düşüncəsi olmayan insanlar çox rahat idarə olunan oyuncağa çevrilir. Məhz buna görədir ki, gərək milli kimliyini unutmaya heç bir xalq. Çünki ondan savayı dəyərli heç nə qalmır geriyə.
Bir də daxili mənəviyyat fikri də vardır ki, bu tamam başqa mövzudur. Hal-hazırda “Mənəvi dəyərlər məktəblilərin gözü ilə” mövzusu haqqında yazdıq, bəli ancaq bunun gözlə heç bir əlaqəsi yoxdur fikrimcə. İşıq üzünə həsrət qalmış insanlar var ki daxili mənəviyyaatı bizdən yaxşı “görürlər”. Kim nə deyir desin, sənin həyatını, sənin mənəviyyatını, sənin dəyərini heç kim və ya heç nə dəyişə bilməz. İşıqlı dünyaya həsrət qalmaq belə buna əngəl ola bilmir. Bilirsiniz niyə? Çünki o mənəvi dəyəri gözümüz yox, məhz qəlbimiz görür. Hər şeyi ən safı, ən yaxşısı ilə görmək istəyən qəlbimiz.
287 saylı “Zəkalılar” liseyi 
Ağamirzadə Əsmər

calendar 31-10-2018, 10:11 eye 8 302 eye Paylaş