Oktyabrın 30-da Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən “Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda konfrans keçirilib. Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Bakı məktəbliləri arasında təşkil olunan “Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” inşa-yazı müsabiqəsinin nəticələrinin də elan olunduğu konfransda Fondun rəhbərliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, müsabqədə iştirak edən məktəblilər, məktəb direktorları, müəllimlər və valideynlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov məktəblilərin milli ruhda tərbiyəsi, onların Azərbaycan tarixi, Azərbaycan mədəniyyəti, adət-ənələrimiz və dəyərlərimiz barədəki biliklərinin artırılması və ümumilikdə şagirdlərin bu mövzularda özlərini ifadə etmə bacarıqlarının inkişafı baxımından bu cür müsabiqələrin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi. Fond rəhbəri Təhsil Nazirliyi ilə birgə Bakı məktəbliləri arasında keçirdikləri bu müsabiqənin həmin məqsədi daşıdığını vurğuladı. O, eyni zamanda bildirdi ki, Fond gələcəkdə də məktəblilərlə bu cür maarifləndirici layihələri həyata keçirmək niyyətindədir.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Afiq Əzizov məktəblilər arasında keçirilən bu müsabiqənin onların təhsilə olan maraqlarını daha da artıracağını bildirərək, gələcəkdə bu cür tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd etdi.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin digər nümayəndəsi Rövşən Əliyev mənəvi dəyərlərin mahiyyətindən danışdı, məktəblilərin dəyərlərimizi dərindən bilmələrinin vacibliyini vurğuladı.
Daha sonra isə münsiflər heyətinin seçiminə əsasən müəyyənləşdirilən qaliblərin adları elan edildi. Müsabiqənin nəticələrinə görə 1-ci yerə Bakı şəhər 287 saylı “Zəkalar” liseyinin 9-cu sinif şagirdi Ağamirzadə Əsmər Samir qızı layiq görüldü. Sonda qaliblər mükafatlandırıldı və onlara diplom və sertifikatlar təqdim olundu.