Fevralın 21-də Göyçay rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində “Ənənəvi dəyərlərin müasir dünyamızda gənclər arasında təbliği” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Analitik təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nehmətov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və əməkdaşı Rauf Nəsirov, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Göyçay rayon Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Xəlil Orucov, Şuşa məktəbinin müəllimi Səməd Səmədov, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı diqqətə çatdırılıb ki, gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Gənclər ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, irimiqyaslı layihələrin icrasına qoşulur, idarəetmədə rolunu artırır, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənir. Gənc nəslin fəaliyyətinin ana xətlərindən biri də ənənəvi dəyərlərin müasir dünyamızda gənclər arasında təbliği ilə bağlıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.