Fevralın 21-də Siyəzən şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz: adətlər, ənənələr” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Baləbəy Baləbəyov, Siyəzən şəhəri 2 saylı tam orta məktəbin direktoru Rəşad Rəhmanov, Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev, şəhər ictimaiyyəti – o cümlədən, ziyalılar, gənclər iştirak edib.
Çıxışlar zamanı qeyd edilib ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Xalqımızın simasında zaman-zaman yaşamış və keçmişdən bizə gəlib çatmış milli-mənəvi dəyərlərimiz - ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara hörmət, dinə hörmət, eyni zamanda tolerantlıq, çalışqanlıq, qonaqsevərlik, yardımsevərlik bu gün dövlətin hər cür resurslarla formalaşdırmağa və yaşatmağa çalışdığı ən mühüm milli-mənəvi dəyərlərimizdəndir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.