"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondu “Ədalət harayımız – Xocalı soyqırımı” mövzusunda konfrans keçirib

“Ədalət harayımız – Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib
Fevralın 22-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Xocalı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ədalət harayımız – Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.
Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev, Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndələri Xəlil Vəliyev və İman Allahverdiyev, şəhid ailələri, Xocalıdan olan ailələrin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Konfransı giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımı yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdəndir. Bu dəhşətli cinayətin iştirakçıları öz cəzalarına çatmayanadək şəhidlərimizin ruhu rahatlıq tapmayacaqdır. Biz inanırıq ki, Xocalı soyqırımı bəşəriyyət tərəfindən layiqli qiymətini alacaq və öz doğma torpaqlarından didərgin düşmüş insanlar evlərinə qayıdacaqlar.
Daha sonra "SƏS" Media Qrupu tərəfindən hazırlanan Xocalı soyqırımına həsr olunmuş qısametrajlı film nümayiş olunub.
Tədbirdə çıxış edən Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev qeyd edib ki, Xocalıda baş verən qanlı faciə Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə insan qanına susamış erməni cəlladları bütün dünyanın gözü qarşısında Azərbaycanın bu qədim şəhərində soyqırımı törədib, heç bir günahı olmayan yüzlərlə dinc insanı qətlə yetiriblər.
Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev diqqəti şəhidlik mövzusuna çəkərək qeyd edib ki, Azərbaycanın azadlığı uğrunda canından keçmiş şəhidlərimiz bizim fəxrimiz, vüqarımız və qürur mənbəyimizdir. Müqəddəs Qurani-Kərimdə də buyurulur ki, şəhidlər ölmürlər, onlar hər zaman diridirlər.
Tədbirdə həmçinin Xocalıdan olan şəhid ailəsinin nümayəndəsi Yasəmən Həsənova və digərləri 27 il bundan öncə öz yurd-yuvalarından didərgin düşdüklərini, ailə üzvlərini itirdiklərini, lakin hər zaman sabaha ümidlə, inamla yaşadıqlarını bildiriblər. Onlar tez bir zamanda işğal altında olan torpaqlarımızın azad ediləcəyinə və öz yurdlarına, yuvalarına qayıdacaqlarına hər zaman inandıqlarını dilə gətiriblər.
Tədbir çərçivəsində Xocalıdan olan şəhid ailələrinin və aztəminatlı ailələrin nümayəndələrinə ərzaq yardımı paylanıb.

calendar 22-02-2019, 14:24 eye 1 016 eye Paylaş