Fevralın 21-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Oğuz rayonu Tərkəş kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Mənəvi dəyərlərimizi yad ünsürlərdən qoruyaq“ adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Samir Salehov, Oğuz rayonu Tərkəş kənd məscidi dini icmasının sədri Əlisəfa Dursunov, Sincan kənd məscidi dini icmasının sədri Kamal Bəşirov, kənd ağsaqqalları və gənclər iştirak ediblər.
Çıxışlar zamanı vurğulanıb ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli – mənəvi dəyərlərimizi qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Həmçinin qeyd olunub ki, bu gün milli – mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. Odur ki, hər birimiz harda olmağımızdan və sosial vəziyyətimizdən asılı olmayaraq milli – mənəvi dəyərlərimizi yad ünsürlərdən qorumalı, əsrlərin süzgəcindən süzülüb gələn dəyərlərimizi yaşatmalı və gələcək nəsillərə düzgün ötürməliyik. Milli və mənəvi dəyərlərinə sahib çıxmayan, başqa millətləri təqlid edib milli kimliklərini itirənlər dünya səhnəsindən silinib yox olurlar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.