Fevralın 20-də Ağcabədi rayonu Hüsülü kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağcabədi rayonu Hüsülü kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz radikal dindarlığa qarşıdır” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayonu Hüsülü kənd məscidi dini icmasının sədri və imamı Elnur Sadıqov, icma üzvləri, kənd ağsaqqalları və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, din bütün dövrlərdə insanların şüuruna və cəmiyyətə təsir göstərmək üçün güclü vasitə olmuşdur. Bu baxımdan milli dövlətçilik ideologiyamızın tərkib hissəsi olan İslam dinindən gənclərimizin tərbiyəsində istifadə etmək lazımdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.