"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Ucarda “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib

Fevralın 19-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Ucar rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ucar rayonunda “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, şöbə müdiri Hatəm Gülməmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Ucar rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Bayramov, Ucar rayonu Rəstəcə kənd tam orta məktəbinin direktoru Rahib Rəsulov, Ucar rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, ziyalılar, müəllimlər, və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Göyçay rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Bayramov keçirilən bu kimi tədbirlərin əhəmiyyətindən söhbət açaraq, milli-mənəvi dəyərlərimizin, xüsusilə də bu dəyərlərin tərkib hissəsi olan din, milli kimlik, vətənpərvərlik, tolerantlıq, qonaqpərvərlik, milli musiqi və s. qorunmasının vacibliyindən bəhs edib.
Seminarda çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov dövlətin milli-mənəvi dəyərlərimizə qayğısından bəhs edərək, bu sahədə görülən işlərdən danışıb. Dövlət başçısının fərmanı ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəyərlərimizin qorunması və inkişafı, eyni zamanda gənclər arasında təbliği sahəsində gələcəkdə fəaliyyətini daha da genişləndirmək niyyətində olduğunu bildirib.
Daha sonra çıxış edən Fondun şöbə müdiri Hatəm Gülməmmədov milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasında mühüm rol oynaması ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmlənməsində də xüsusi rola malik olduğunu qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev şöbənin əhatə etdiyi rayonlarda milli-mənəvi dəyərlərin təbliği istiqamətində keçirilən maarifləndirici və digər tədbirlərdən söhbət açıb.
Ucar rayonu Rəstəcə kənd tam orta məktəbinin direktoru Rahib Rəsulov gənclər və əxlaq mövzusuna toxunaraq dünyada baş verən mənəvi böhranın müasir Azərbaycan cəmiyyətindən də yan keçmədiyini, bu böhrana qarşı gənclərdə güclü mənəvi immunitetin yaradılmasının vacibliyini vurğulayıb.
Ucar rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev qeyd edib ki, müasirlik, qloballaşma cəmiyyətin inkişafı üçün faydalı olsa da, bu anlayışlar özləri ilə aid olduqları məkanın mədəniyyətini, müsbət və mənfi keyfiyyətləri də gətirir. Bu qloballığın içərisində itib-batmamaq üçün gənclərlə maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinə ehtiyac vardır.
Seminar-müşavirənin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

calendar 19-02-2019, 13:09 eye 996 eye Paylaş