Fevralın 15-də Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Xaçmaz rayonu Həsənqala kəndi “Həsənqala” məscidi dini icmasının təşkilatçılığı ilə Nərəcan kənd məscidində “Milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanması” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov, Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, müdir müavini Ramin Xudayev, Xaçmaz rayonu Həsənqala kəndi “Həsənqala” məscidi dini icmasının sədri Davud Qəhrəmanlı, dindarlar, gənclər və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə çıxış edərək qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəslə ötürülməsi qarşımızda duran prioritet məsələlərdəndir.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov tədbirdə geniş məruzə ilə çıxış edərək bildirib ki, milli-mənəvi dəyərlərin gənc nəslə olduğu kimi çatdırılması sahəsində dövlətimiz xeyli sayda iş görməklə, xüsusi proqramlar və tədbirlər də həyata keçirir. Həyata keçirilən tədbirlərin hər biri yeni nəslin öz milli-mənəvi dəyərlərinə hörmət ruhunda inkişafına kömək etmiş olur. .
Xaçmaz rayonu Həsənqala kəndi “Həsənqala” məscidi dini icmasının sədri Davud Qəhrəmanlı, Nərəcan kənd məscidinin imamı Fazil Əlağayev və digər natiqlər çıxış edərək, bildiriblər ki, mənəvi dəyərlərin tərkib hissəsi olan dini sahəyə, o cümlədən dindarlara və dini icmalara dövlətimiz tərəfindən diqqət və qayğı yüksək səviyyədədir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.