"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Göyçayda “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib

Fevralın 18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Göyçay rayon İcra Hakimiyyətinin dəstəyi ilə Göyçay rayonunda “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, şöbə müdiri Hatəm Gülməmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbə müdiri Əzim Rəfiyev, Göyçay rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, İdarəetmə və Texnologiya kollecinin əməkdar müəllimi Xəlil Orucov, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəis müavini, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, ziyalılar, müəllimlər, və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Göyçay rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov qonaqları salamlayaraq Göyçayda bu sahə ilə bağlı təşkil edilmiş seminarın əhəmiyyətindən danışdı.
Seminarda çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov qeyd edib ki, dünyada cərəyan edən qloballaşma prosesləri bizim cəmiyyətdən də yan keçmir. Lakin biz qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq qalmalıyıq. Gənclərimiz bugün milli dəyərləri hər şeydən üstün tutulmalı və ona sahib çıxmalıdırlar. 
Daha sonra çıxış edən Fondun şöbə müdiri Hatəm Gülməmmədov milli-mənəvi dəyərlərimizin minillkilər boyu formalaşdığını, tarixi kökə malik olduğunu və vahid xalq olaraq formalaşmağımızda əhəmiyyətli rola malik olduğunu bildirib.
İdarəetmə və Texnologiya kollecinin əməkdar müəllimi Xəlil Orucov qeyd edib ki, təhsil sahəsində milli-mənəvi dəyərlərin təbliğinə xüsusi önəm verilir, həmçinin, gənclərin müasir dövrün tələblərinə cavab verən mütəxəssis kimi yetişməsi üçün lazımi şərait yaradılır.
Ağdaş Regional Mədəniyyət İdarəsinin rəis müavini, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədri Sahib Şükürov gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlara məktəb illərində təhsillə yanaşı Vətən sevgisinin, milli-mənəvi dəyərlərin aşılanması, dünyagörüşlərinin artırılmasının vacibliyini vurğulayıb. 
Seminar-müşavirənin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı.

calendar 18-02-2019, 16:25 eye 1 250 eye Paylaş