Oktyabrın 24-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zaqatala rayonunda “Mənəvi dəyərlərimiz Azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, icraçı direktor müavini Ceyhun Əliyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, ziyalılar, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminar-müşavirəni giriş sözü ilə açan Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov Zaqatala rayonunda təşkil edilmiş tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirdi. R.Həsənov mənəvi sahədə maarifləndirmənin xüsusilə gənclər üçün əhəmiyyətli olduğunu qeyd etdi.
Seminar-müşavirədə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov dəyər anlayışı, onun mahiyyəti və təzahürləri haqqında danışdı. Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında da iştirakçıları məlumatlandıran icraçı direktor bunun mənəvi sahəyə dövlət qayğısının bariz nümunəsi olduğunu bildirdi. M.İsmayılov Azərbaycançılıq ideologiyasının gənclərə çatdırılması məqsədilə Fond tərəfindən bir sıra tədbirlərin təşkil edildiyini diqqətə çatdırdı.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov Azərbaycan xalqının dərin tarixi və mənəvi köklərə malik olduğunu vurğuladı. A.İsgəndərov Azərbaycanla bağlı gənclərin üzərinə düşən tarixi missiyanın və məsuliyyətin böyük olduğunu olduğunu qeyd etdi.
Seminar-müşavirədə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Azərbaycançılığın hər bir vətəndaşımızın mənəvi istinad nöqtəsi olduğunu qeyd etdi. İcraçı direktor müavini mənəvi dəyərlərimizin qorunaraq gələcək nəsillərə çatdırılmasının vacibliyi haqqında da fikirlərini bölüşdü.
Seminar-müşavirədə müəllimlər və tələbələr çıxış edərək mövzu haqqında fikirlərini bildirdilər.