Fevralın 14-də Kürdəmir rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Kürdəmir rayonu Carlı kənd “İmam Hüseyn” məscidi dini icmasının təşkilatçılığı ilə “Vətənin daşı olmaq” adlı layihə çərçivəsində “İslamda vətənpərvərlik anlayışı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Samir Əhmədov, rayon Polis İdarəsinin əməkdaşı Asif Əhmədov, Carlı kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Cümşüd Kərimov, rayonun mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı diqqətə çatdırılıb ki, bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Bu gün dünyanın bir çox yerlərində müxtəlif dairələrin maraqları naminə bombalar partlayır, qızğın münaqişə ocaqları yaranır. Müxtəlif üsullardan istifadə edilərək gənclər münaqişə ocaqlarının mərkəzinə atılır. Bununla da cəmiyyətin gələcəyi olan qüvvələr məhvə məhkum olunur. Azərbaycan gəncliyinin ən böyük xoşbəxtliyi xurafatdan, dini radikalizmdən uzaq, öz adət-ənənəsinə ən yüksək şəkildə diqqətin olduğu, dünyəvi dəyərlərə sahib bir mühitdə, ölkədə yaşamasıdır. Bu stabilliklə paralel gənclər hər cür inkişaf imkanına sahibdirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.