Fevralın 13-də Qax rayon Güllük kənd klubunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qax rayonu Güllük kənd “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli həmrəylik və din” layihəsi çərçivəsində “Milli birlik anlayışı və gənclər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax RİH-nin əməkdaşı Fərid Muradov, Qax rayon Güllük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Nemət Hacıyev, Güllük kənd “Cümə” məscidi dini icmasının sədri Rəhim Hüseynov, dini icmanın üzvləri, kənd ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı vətən sevgisinin insanlara məxsus ən vacib amil olduğu, ata babalarımızdan əmanət aldığımız vətənimizi, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, dilimizi, mənəviyyatımızı qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməyin bizim ən ümdə vətəndaşlıq borcumuz olduğu diqqətə çatdırılıb.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi tədbir iştirakçılarına nümayiş etdirilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.