Fevralın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və İmişli rayonu Cəfərli kənd “İmam Hüseyn” məscidi dini icmasının təşkilatçlığı ilə İmişli rayonunda “Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin önəmli tərkib hissəsi kimi” layihəsi çərçivəsində “Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini təhsil sektorunun müdiri Əli Həziyev, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, İmişli rayon Təhsil şöbəsinin müdir əvəzi Vahid Tağıyev, İmişli rayonu Cəfərli kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Abil Süleymanov, dini icma üzvləri, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanda əsrlər boyu formalaşan və bu gün dünyaya örnək olan mənəvi dəyərlərdən, tolerantlıq mühitindən, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasından, gənclərin yad dini ideologiyadan qorunmasından, dövlət-din münasibətlərindən danışılıb. Həmçinin milli-mənəvi dəyərlərin qorunması, yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, asudə vaxtlarının səmərəli təşkili, sağlam ailə mühitinin formalaşdırılması istiqamətində səylərin artırılmasının zəruriliyi vurğulanıb, gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsiri altına düşməmələri üçün təhsilin və maarifləndirmənin önəmi diqqətə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran sullar cavablandırılıb.